Moskva Humanitar Universitetinin rektoru Azərbaycan səfirliyinin etiraz məktubunu cavablandırıb

Moskva Humanitar Universitetinin rektoru Azərbaycan səfirliyinin etiraz məktubunu cavablandırıb
# 30 dekabr 2022 15:32 (UTC +04:00)

26 noyabr 2022-ci il tarixində Moskva Humanitar Universitetinin diplomatiya və beynəlxalq münasibətlər kafedrasının müdiri, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Ermənistan üzrə sabiq şöbə müdiri Nikolay Platoşkinin “Баграмян 26” teleqram kanalında yerləşdirilmiş video-müsahibəsində ölkəmizə qarşı qərəzli bəyanatı ilə bağlı sözügedən Universitetin rektoru İqor İlyinskiyə Səfir Polad Bülbüloğlu tərəfindən Rusiya Federasiyası Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq etiraz məktubu göndərilib.

Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, bununla bağlı, 29 dekabr 2022-ci il tarixində Moskva Humanitar Universitetinin rektoru İqor İlyinskiy tərəfindən Səfirliyə cavab məktubu daxil olub.

Məktubda rektor sözügedən şəxs barəsində Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən 2 iyun 2020-ci il tarixində RF Cinayət Məcəlləsinin 212-ci maddəsinin 1.1 bəndi (kütləvi iğtişaşlar) və 207.1 (qəsdən yalan məlumatın ictimaiyyətə yayılması) ilə cinayət işi qaldırıldığı haqqında məlumat verərək bildirib ki, məhkəmənin qərarına və istintaq altında olan və ya məhkum olmuş şəxslərin pedaqoji fəaliyyətinə qanunla müəyyən edilmiş qadağaya uyğun olaraq, N.Platoşkinin iş fəaliyyəti həbs olunduğu andan dayandırılıb, Universitetin əməkdaşları və tələbələri onunla heç bir təmasda olmayıblar.

"Rusiya Federasiyasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin 3-cü hissəsinə uyğun olaraq, adıçəkilən şəxs 14 oktyabr 2021-ci il tarixindən Moskva Humanitar Universitetinin diplomatiya və beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsindən azad edilmiş və Universitetdən xaric edilmişdir", deyə məktubda deyilir.

İ.İlyinskiy Azərbaycana və xalqına isti münasibət bəslədiyini və rektor çalışdığı 29 il ərzində rəhbərlik etdiyi Universitetdə hər hansı millətlərarası münasibətlərin qızışdırılması hallarına rast gəlmədiyini məktubunda xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR