Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib - FOTO

Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib - FOTO
# 08 dekabr 2023 14:20 (UTC +04:00)

Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, MDB İqtisadi Şurasının sədri, Qırğız Respublikası Nazirlər Kabineti sədrinin birinci müavini Adılbek Kasıməliyev sədrlik etdiyi iclasda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyubov da iştirak edib.

İclasın gündəliyinə MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın geniş spektrli aktual məsələləri daxil edilib.

İclasda MDB iştirakçısı olan dövlətlərin nəqliyyat nazirlikləri və idarələri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə yönəlmiş 2030-cu ilədək olan dövr üçün MDB-yə üzv dövlətlərin ərazisindən keçən infrastrukturun optimallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planının layihəsinə baxılıb.

Bildirilib ki, bu layihənin reallaşdırılması beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından maksimum səmərəli istifadəni təmin edəcək, onların rəqabət qabiliyyətinin artırılmasına, yük axınlarının cəlb edilməsinə, MDB iştirakçısı olan dövlətlərin nəqliyyat-tranzit potensialının reallaşdırılmasına şərait yaradacaqdır.

Sənəd baxılması üçün dekabrın 18-də Moskvada keçiriləcək MDB Hökumət Başçıları Şurasına təqdim olunacaq.

İclasda MDB-yə üzv dövlətlər arasında energetika sahəsində 2035-ci ilədək olan dövr üçün Əməkdaşlıq Konsepsiyası layihəsinə və onun həyata keçirilməsi üzrə Prioritet Tədbirlər Planına da baxılıb. Bu barədə MDB-yə üzv dövlətlərin ixtisaslaşmış baza təşkilatının rəhbəri, “Moskva Energetika İnstitutu” Milli Tədqiqat Universitetinin rektoru Nikolay Roqalyov məlumat verib.

İqtisadi Şuranın üzvləri Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın 2018–2022-ci illərdə fəaliyyəti haqqında hesabata da baxıblar.

İqtisadi Şuranın üzvlərinə MDB-yə üzv dövlətlərin qarşılıqlı ticarətində maneələr və onların aradan qaldırılması üzrə tövsiyələr barədə məlumat təqdim edilib.

MDB İqtisadi Şurasına sədrlik növbəti il üçün Qırğızıstandan Rusiyaya keçib.

Qeyd edək ki, Ermənistan bu dəfə də MDB tədbirinə qatılmayıb. Rəsmi İrəvanı MDB İqtisadi Şurasının 100-cü iclasında Belarusdakı səfir Razmik Xumaryan təmsil edib. Hər zaman bu iclaslarda baş nazirin müavini Mqer Qriqoryan səviyyəsində təmsil olunam Ermənistan bu dəfə tədbirə Minskdəki səfirini ezam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR