“İki ay ərzində Avropa İttifaqının 40 mülki şəxsdən ibarət missiyası delimitasiya olunmamış Ermənistan-Azərbaycan sərhədində monitorinq keçirməli idi. 19 dekabrda bu missiya başa çatıb”.
APA xəbər verir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, missiyanın nəticəsi ilə bağlı Azərbaycana hesabatlar təqdim olunmayıb: “Eyni zamanda, bilirik ki, Avropa İttifaqı tərəfindən yeni missiyanın planlaşdırılması mərhələsi baş tutur. Bu mütəxəssislər yeni missiya ilə bağlı planlaşdırmanı həyata keçirir. Bu missiya ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Baxmayaraq ki, missiya Ermənistan ərazisindədir, ancaq missiya Azərbaycan sərhədi istiqamətində olduğu üçün Azərbaycan tərəfi ilə məlumat mübadiləsi olmalıdır”.