2 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Anqlikan Kilsəsinin dini rəhbəri, Kentenberi Arxiyepiskopu Castin Velbi ilə görüş keçirib.
XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir Ceyhun Bayramov əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.
Nazir Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qlobal mərkəzlərindən birinə çevrildiyini və bu istiqamətdə ölkəmiz tərəfindən Azərbaycan Respublikasının Prezidentinin müəllifliyi ilə bir sıra qlobal əhəmiyyətli təşəbbüslərin irəli sürüldüyünü, Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.
Müxtəlif xalqların mədəni və dini irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycanın nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğu ölkələrdən biri olduğu, belə bir şəraitdə xristian həmvətənlərimizin öz adət-ənənələrini, dini inanclarını, mədəniyyətlərini sərbəst şəkildə yaşadaraq ölkəmizin sosial-mədəni həyatının bütün sahələrində fəal iştirak etdikləri müqabil tərəfin diqqətinə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin 30 ilə yaxın müddətdə regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində həyata keçirdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub. Genişmiqyaslı mina təhdidləri barədə məlumat verilib.
Görüşdə, habelə hal-hazırda aparılan tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan intensiv işlər barədə məlumat qarşı tərəfin diqqətinə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlı olduğunu bildirib.
Tərəflər görüş zamanı eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.