“Bakı iqlim həftəsi bizim üçün çox önəmlidir. Həftə boyu Bakı bu istiqamətdə döyünən ürək olacaq”.
APA xəbər verir ki, bunu COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) çıxışı zamanı deyib.
O bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi London İqlim Fəaliyyəti Həftəsi ilə ortaq məqsədlər və əməkdaşlıq istiqamətləri çərçivəsində təşkil olunur.
Nigar Arpadarai qeyd edib ki, Bakı İqlim Həftəsi artıq üçüncü dəfə keçirilir və bu, təşəbbüsün dayanıqlı təsirinin göstəricisidir.
Onun sözlərinə görə, tədbir çərçivəsində karbon emissiyalarının azaldılması, bərpaolunan enerji, şəhərlərin gələcəyi və digər mühüm iqlim məsələləri müzakirə olunacaq: "İlk dəfədir Bakı İqlim Fəaliyyəti Həftəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İqlim Həftəsi ilə eyni vaxta təsadüf edir. Bakıdakı tədbirlərdən sonra diqqət COP31-in keçiriləcəyi Antalyaya yönələcək. Dayanıqlılıq və iqlim mövzuları da tədbirlərin əsas müzakirə istiqamətlərindən biri olacaq", deyə o bildirib.