Mən inanmıram ki, Putin Ukraynadan imtina edəcək.
APA xəbər verir ki, bunu Norveçin keçmiş Baş naziri Kjell Magne Bondevik X Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı deyib.
“Düşünmürəm ki, məsələ BMT və onun Nizamnaməsi ilə bağlıdır. Hesab edirəm ki, Rusiyanın törətdiklərinə görə məsuliyyətə cəlb olunması üçün biz tribunal təşkil etməliyik. Bu gün BMT-ni zəiflədən onun Təhlükəsizlik Şurasıdır, TŞ-nin tərkibi müasir dövrə uyğun gəlmir. Bu, İkinci Dünya müharibəsindən sonra formalaşıb”, - BMT-nin münaqişələrin həllində qeyri-effektiv olması ilə bağlı sualı cavablandıran keçmiş Baş nazir qeyd edib.
Norveçin keçmiş Baş naziri Ukraynadakı müharibə ilə bağlı isə deyib ki, heç kim müharibənin nə zaman bitəcəyini bilmir: “Mən qorxuram ki, Putin dayanmayacaq və əlbəttə ki, əgər Rusiyanın daxilində nəsə dəyişiklik olmazsa, o, törətdiklərinə davam edəcək. Putinlə bir neçə dəfə görüşmüşəm və hər dəfə onun necə dəyişməsinin şahidi olmuşam. İlk görüşdə mənə görə o, rasional idi, mən inanmışdım ki, Putin Rusiyada demokratik dəyişikliklər aparacaq, Rusiyanın demokratik təsisatlarını gücləndirəcək. Lakin indi, o, Rusiyanı genişləndirməyə çalışır”.
Kjell Magne Bondevik Putinin Ukraynadan vaz keçməyəcəyini və müharibənin yaxın gələcəkdə sonunun görünmədiyini vurğulayıb.