“Mən Azərbaycana neokolonializmlə mübarizə siyasətinə görə, təşəkkür edirəm, bu gün biz burada Karib hövzəsində, Afrikada müstəmləkəçilik barədə danışa bilirik”.
APA xəbər verir ki, bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Martinik Azadlıq Hərəkatının nümayəndəsi Lyuk Frensisk Kerol bildirib.
O deyib ki, Fransa onun ölkəsinin kənd təsərrüfatını istismar edir.
O xatırladıb ki, Fransa Martinikdə xlordekon kimi zəhərli maddədən istifadə edib: “Bu maddə illər əvvəl qadağan olsa da, Fransa tərəfindən kütləvi şəkildə istifadə olunub və indi Martinik əhalisi bu zəhərli maddənin zərərlərini öz sağlamlığında görür”.
Karibdəki Fransa müstəmləkələrindən olan digər təmsilçi deyib ki, Fransa onun regionun təbii resurslarını istismar edir: “Fransa bizim öz müqəddəratımızı təyin etmək hüququnu tanımır. Bizim təhsilə, enerjiyə qeyri-bərabər çıxışımız var, fundamental azadlığımız yoxdur, 50 faiz əhali yoxsulluq dərəcəsindən aşağı səviyyədə yaşayır. Fransa bütün imkanlarımızın 95 faizinə sahibdir. Bizə qarşı hüquqi sənədlərdən, alətlərdən istifadə edirlər. Biz Qvadelupa, Poloneziyada baş verənləri də görürük. Biz öz zənginliklərimizdən istifadə etmək, bərabər hüquq və imkanlara sahib olmaq istəyirik. Müstəqil dövlətlərin bizim mübarizəmizə dəstəyi vacibdir. Azərbaycana, Qoşulmama Hərəkatına təşəkkür edirik ki, neokolonializmlə mübarizə aparır, bizim mübarizəmizi dəstəkləyir”.