“Heydər Əliyev Azərbaycanın inkişafını, rifahını təmin edən şəxsiyyət olub, ölkəyə çətin dövrlərdə rəhbərlik edib”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Pakistan Milli Assambleyasının sədr müavini Zahid Akram Durrani bildirib.
Zahid Akram Durrani deyib ki, Heydər Əliyev hələ 1969-cu Sovet Azərbaycanında rəhbərliyə gələn zaman inkişafın əsasını qoyub: “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Azərbaycan inkişaf edən bir ölkədir. Pakistan da oxşar uğurlara nail olmaq üçün yola çıxıb. İnanırıq ki, Pakistan və Azərbaycan qarşılıqlı çalışaraq rifaha nail ola bilər. Ticarət, iqtisadiyyat, enerji, turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Biz əməkdaşlığı daha da dərinləşdirməklə inkişafı, rifahı təmin etmiş olacağıq. Heydər Əliyevin irsi xalqları inkişaf yoluna qədəm qoymağa ruhlandırıb”.