“Mənim xalqım da Azərbaycan xalqı kimi çətinliklərlə, köçkünlük halları ilə üzləşib. Mənim xalqım Fransa müstəmləkəçiliyindən əziyyət çəkir”.
APA xəbər verir ki, bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Polineziya parlamentinin üzvü Heynui Le Kai deyib.
O bildirib ki, Fransa stabilliyi və tərəfdaşlığı təşviq etdiyini düşünür, amma Fransanın məqsədi bu regionu itirməmək, bu strateji regiondan uzaqlaşmamaqdır.
Heynui Le Kainin sözlərinə görə, Fransa illərdir ki, Polineziyaya qarşı müstəmləkə siyasəti tətbiq edir: “Səhiyyə, ekologiya sahəsində ciddi problemlərimiz var, atom bombasının testi burada keçirilib. Fransa burada atom testləri aparır. Bizim kömür ehtiyatlarından istifadə edir, bizim ölkəmiz sayəsində atom enerji istehsalına görə Fransa dünyada ikinci yerdədir. Polineziya xalqı sayəsində bu ölkə öz enerji suverenliyinə nail olub. Fransa bizə borcludur və bizə ehtiyacı var, çünki Fransa Polineziyası olmadan Fransanın Sakit okeandakı mövcudluğundan danışmaq mümkün olmazdı. Biz ölkəmizdə müstəmləkəçi istismara son qoyulmasını istəyirik. Fransa bizim hüququmuzu oğurlamağa çalışır ki, biz suveren olmayaq. Biz 300 min əhalisi olan ölkəyik, hər il 800 gəncimiz Fransa ordusunda xidmət üçün aparılır, fransızlar isə bizim ölkəmizə gəlir, bu əhalin demoqrafik tərkibinin dəyişməsinə yönəlib”.