Azərbaycanla Ermənistan arasında dialoqda artıq Gürcüstan vasitəçi kimi iştirak edir.
Bunu Bakıda keçirilən “Gürcüstanın regional münasibətlərdə vasitəçilik rolu” adlı dəyirmi masada iştirak edən gürcü politoloq Gela Vasadze APA-nın "rəsmi Tbilisinin Azərbaycan Ermənistan danışıqlarında vasitəçilik missiyası nə dərəcədə real görünür?" sualına cavab olaraq bildirib.
“Vasitəçi deyəndə biz nəyi nəzərdə tuturuq? Vasitəçilər proseslərdə daha aktiv iştirak etməlidir, öz təkliflərini irəli sürməlidir. Tərəflər (Azərbaycan və Ermənistan-red.) arasında bir-birinə qarşı inamsızlıq var və bu, hazırkı mərhələdə başadüşüləndir. Mən düşünürəm ki, hər iki ölkə rəsmilərinin, ekspertlərinin, işçi qruplarının və nümayəndələrinin görüşlərinin və dialoqlarının Tbilisidə təşkil edilməsi məqsədəuyğun bir variantdır. Sülh sazişinin harada imzalanacağı bir o qədər vacib deyil, əsas odur ki, saziş imzalansın. Bunun üçün də çoxlu işlər görülməlidir”, - gürcü ekspert vurğulayıb.