“Heydər Əliyevin anım günü müasir Azərbaycanın bütün tarixinin gözünüzün önündən keçdiyi gündür və siz onun nə qədər ağır yükü öz üzərinə götürdüyünü başa düşürsünüz”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
Ölkəmizin Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunan anım tədbirində iştirak edən M. Şvıdkoy SSRİ-nin dağılmasından sonra Azərbaycanın necə dramatik bir vəziyyətə düşdüyünü, hərbi iğtişaşlar zamanı ölkənin necə parçalanmaq ərəfəsində olduğunu xatırladıb:
“Biz bunu tam dərk etmirik. Lakin bu, reallıq idi. Ölkə hər gün dağılma təhlükəsi ilə üz-üzə idi. Heydər Əliyev həqiqətən də o zaman həyatını riskə atdı. O, öz missiyasını, Azərbaycan xalqı qarşısında borcunu dərk edirdi.
Heydər Əliyevin gördüyü işlər böyükdür. Heydər Əliyevə bütün dünyada hörmət edirlər. O, parlaq düşüncəli, improvizasiyalı bir insan idi.
Bu, ancaq öz tarixi missiyasını hiss edən şəxlərdə olur... Vladimir Putin Rusiya Federasiyasının Prezidenti olanda Heydər Əliyevlə görüşdü. Bu, çox vacib, qiymətli, dostluq ünsiyyəti idi və xoşbəxtlikdən, bu, o zaman İlham Əliyevlə münasibətlərə də yayıldı. Rusiya üçün bu çox vacibdir. Mən Heydər Əliyevin xatirəsi qarşısında baş əyirəm”, - deyə rusiyalı diplomat qeyd edib.