“Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edir”.
APA Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
“Onu da qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin diplomatik yolla tənzimlənməsinin tərəfdarıdır, həmçinin tərəflərin tezliklə sülh müqaviləsi bağlamaq üçün səylərini alqışlayır. Bütövlükdə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsi və birgə tədbirlərin görülməsinin zəruriliyi barədə qarşılıqlı anlaşmamız mövcuddur”, - deyə Tokayev qeyd edib.