"Qazaxıstan hər zaman sülh tərəfdarı olduğunu göstərib. Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qida təhlükəsizliyinin mərkəzi halına gəlib".
APA-nın xəbər verir ki, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdid dövrü: İqlim dəyişikliyi, Qida təhlükəsizliyi, Nüvə təhlükəsizliyi” adlı paneldə Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali bildirib.
O hazırkı Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin xarici işlər naziri olduğu dövrdə irəli sürülən təşəbbüslə 29 avqustun Dünya Nüvə Təhlükəsizliyi Günü olaraq qəbul edildiyini söyləyib: “Qazaxıstan hər zaman sülh tərəfdarı olduğunu göstərib. Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qida təhlükəsizliyinin mərkəzi halına gəlib. Hər il Qazaxıstan 7 milyon ton buğda ixrac edir. Qazaxıstan İslam Əməkdaşlıq təşkilatı çərçivəsində müxtəlif ölkələrə kömək etməkdədir”, nazir vurğulayıb.
Türkiyədə baş verən zəlzələni xatırladan Darxan Kidirali qeyd edib ki, Qazaxıstan qardaş Türkiyəyə də yardım edib: “Bizi birləşdirən Xəzər dənizidir. Yaxın illərdə Xəzərin 9-30 metr çəkiləcəyi bildirilir. Xəzəryanı ölkələr bu problemin aradan qaldırılmasına çalışmalıdır. Digər tərəfdən, hibrid savaşlar, feyk informasiyalar gənclərin düşüncə tərzinə mənfi təsir edir. Hibrid savaşlar da artıq ortaq problemimiz halına gəlib. Süni intellekt də yaxın gələcəkdə təhlükə olacaq, etik məsələlər gündəmə gəlməlidir. Bu kimi problemlərə çarə axtarmaq üçün bu Forum yaxşı bir platformadır. Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatı da bizi sülhə yaxınlaşdırmaqdadır. Bugünkü Forumun bizi gözəl dünyaya daha ö bir addım yaxınlaşdırmasını arzulayıram”, - o deyib.