"Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən Zirvə toplantısında Qırğızıstan və Azərbaycanın xüsusi və əsas rol oynadığı Orta Dəhlizə dair müzakirə aparılacaq".
Bunu APA-ya açıqlamasında Qırğızıstan Respublikası Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutunun (MSTİ) direktorunun ictimai əsaslarla müşaviri, Analitika və Koordinasiya İşi Şöbəsinin eksperti Temirlan Razbayev bildirib.
“Hazırda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyini qeyd edirik. Bu il təşkilata Qırğızıstan sədrlik edir. Məhz bu yubiley ilində təşkilatın özündə də dəyişikliklər baş verir. Ona görə də ŞƏT-in bu Zirvə toplantısı çox mühüm əhəmiyyət kəsb edir. Məhz bu il ŞƏT-in strukturunda dəyişikliklər olacaq, bununla bağlı Nizamnaməyə dəyişiklik müzakirəyə çıxarılacaq. Bundan əlavə, ŞƏT-in maliyyə sisteminin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə olunur. Söhbət ŞƏT-in İnkişaf Bankından gedir. Həmçinin Qırğızıstan və Azərbaycanın xüsusi və əsas rol oynadığı Orta Dəhlizin müzakirəsi də gündəmdədir”, - Temirlan Razbayev qeyd edib.
Onun sözlərinə görə, ŞƏT terrorizmə və ekstremizmə qarşı mübarizə aparan bir təşkilat kimi yaradılıb: “Hazırda bu istiqamət heç də az əhəmiyyətli deyil. Bu istiqamət daha da inkişaf etdirilir. Bu təşkilatın Düşənbə Mərkəzinin açılması, yəni terrorizmə və ekstremizmə qarşı mübarizə mərkəzinin yaradılması da müzakirə olunan üç əsas məsələdən biridir. Ona görə də bu istiqamət hər zaman mühüm və aktual olacaq. Çünki dünyamızda buna əlavə olaraq kibertəhlükəsizlik məsələsi də meydana çıxır və ölkəmiz digər ölkələrə bu istiqamətdə də kömək edir”.