Azərbaycan üçün Ermənistan Konstitusiyasında vacib olan yeganə məsələ bizə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh sazişi tarixi Vaşinqton sammiti çərçivəsində paraflanıb: “Sazişin preambulası və 17 maddəsi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.
Azərbaycan açıq şəkildə bildirib ki, sazişə son imzanı yalnız bir şərtlə qoymağa razıdır: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır.
Bu, Ermənistanın daxili prosesidir və onun nə zaman baş verəcəyini müəyyən etmək bizim gücümüz xaricindədir. Bu gün açıqlanan Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı isə hər hansı şərh vermək istəməzdim. Bu Ermənistanın daxili məsələsidir. Bizim üçün orada vacib olan yeganə məsələ yeni Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının yer almamasıdır. Açıqlanan mətnə əsasən, hazırda belə bir hal mövcud deyil. Biz bunu çox yüksək qiymətləndiririk”.
Nazirin sözlərinə görə, Azərbaycan Ermənistan Konstitusiyası ilə bağlı inkişafı izləyəcək və sənəddə dəyişiklik baş verəndən sonra artıq paraflanmış sülh sazişinin imzalanmasında hər hansı əlavə bir problem yoxdur.
Qeyd edək ki, bu gün Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib. Yeni Konstitusiyanın layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.