Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İon-Marçel Çolaku ilə görüşüb.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Rumıniyanın Baş naziri Azərbaycana səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşünü xoş təəssüratlarla xatırlayıb. O, Azərbaycanla Rumıniya arasında strateji münasibətlərin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan və Rumıniyanın sadəcə tərəfdaş deyil, həm də dost ölkələr olduğunu vurğulayıb. Baş nazirin sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra dünyada ikinci tanıyan ölkə Rumıniyadır. Həmçinin, Rumıniya Azərbaycanla strateji tərəfdaşlığa dair saziş imzalayan ilk Avropa İttifaqı ölkəsidir. Azərbaycanın Rumıniyanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşı olduğunu diqqətə çatdıran İon-Marçel Çolaku ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün daha böyük potensial olduğunu qeyd edib.
Daha sonra Baş nazir Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu barədə danışıb. O, avropalı həmkarları ilə də Cənub Qaz dəhlizini müzakirə etdiyini xatırladaraq deyib ki, nəqliyyat sahəsində də Azərbaycan mühüm rola malikdir. Onun sözlərinə görə, Qara dəniz və Xəzər dənizi arasında nəqliyyat bağlantısının gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Yaşıl enerji layihələrinin vacibliyi barədə fikirlərini ifadə edən İon-Marçel Çolaku deyib ki, Avropanın hazırda yaşıl enerjiyə ciddi ehtiyacı var və Azərbaycandan yaşıl enerjinin ixracı məsələsi əhəmiyyətlidir.
Sahibə Qafarova Azərbaycan-Rumıniya dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini deyib. Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu qarşılıqlı səfərlər ölkələrimiz arasında yüksək səviyyəli fəal siyasi dialoqun mövcud olduğunu göstərir. Ticarət-İqtisadi Əlaqələr və Elmi-Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın səmərəli fəaliyyəti əməkdaşlıq sahələrini şaxələndirməyə imkan verəcək. Sahibə Qafarovanın sözlərinə görə, hazırda enerji təhlükəsizliyi məsələsində yeni perspektivlər var. O cümlədən, yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları mövcuddur. Milli Məclisin sədri Azərbaycanda müxtəlif sahələrə investisiya imkanları, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə də məlumat verib.
Milli Məclisin sədri görüşdə həmçinin, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi barədə məlumat verib. Spiker Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipi əsasında Ermənistanla sülh sazişinin imzalanmasını təklif etdiyini, lakin Ermənistanın ötən 3 il ərzində destruktiv mövqe göstərdiyini, müxtəlif hərbi-siyasi təxribatlar törətdiyini diqqətə çatdırıb. O, Azərbaycanın lokal antiterror tədbirləri, onun nəticələri, Qarabağın erməni əsilli sakinlərinin reinteqrasiyası istiqamətində həyata keçirilən işlər barədə də danışıb.
Baz nazir İon-Marçel Çolaku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını arzuladıqlarını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.