Sahib Alıyev: Çin Azərbaycanın böyük dostudur

Sahib Alıyev, Milli Məclisin deputatı

© APA | Sahib Alıyev, Milli Məclisin deputatı

# 01 aprel 2023 13:58 (UTC +04:00)

Milli Məclisin deputatı Sahib Alıyevin APA-ya müsahibəsi.

- Sahib müəllim, son zamanlar Çin qlobal müstəvidə fəal siyasət yeritməyə başlayıb. Bu bizim region və ilk növbədə də ölkəmiz üçün nə vəd edir? Məsələn, Çin Xalq Respublikasının sədri Si Cinpinin Rusiyaya səfəri Pekinin Ukraynaya, eləcə də bizim regiona yanaşmada Moskvanın yeritdiyi siyasəti dəstəkləyəcəyi demək deyil ki?

- Dünyada qüvvələr nisbəti o dərəcədə Çinin xeyrinə və Rusiyanın zərərinə dəyişib ki, indi bir sıra hallarda Rusiya öz siyasətini Çinlə razılaşdırmalıdır və Qazaxıstanda baş verən olaylar göstərdi ki, razılaşdırır da. Mən əminəm ki, əgər Çin olmasaydı, Rusiya beynəlxalq terrorçuları zərərsizləşdirmək adı altında Qazaxıstana yeritdiyi qüvvələrini ötən ilin fevralında oradan çıxarmayacaqdı.

- Onda belə çıxır ki, Ukrayna ilə müharibə də Çinlə razılaşdırılmışdı?

- Yəqin ki yox, bunun heç Çinlə razılaşdırılması tələb olunmurdu da axı. Rusiya Ukraynaya qarşı savaşda qələbə çalsa belə, bunu həzm etdirmək üçün xeyli vaxt və resurs xərcləməli olacaqdı. Yəni Qərblə qarşıdurma indiki şəkildə olmasa da, yenə də başqa formada davam edəcəkdi. Bunun Çinə nə zərəri ola bilərdi? Əksinə, bütün hallarda Rusiya-Ukrayna qarşıdurması Avrasiyada Çinin mövqelərinin daha da güclənməsi ilə nəticələnməli idi ki, bu da baş verir.

- Amma Çin açıq şəkildə bunun əleyhinə çıxış etdiyi halda Rusiya rəhbərliyi Çin Xalq Respublikasının sədrinin səfərindən dərhal sonra özünün taktiki nüvə cəbbəxanasının bir hissəsini Belarusda yerləşdirəcəyini bildirdi.

- Bildirdi, cavabını da aldı.

- Cavab nə idi, Çin rəsmisinin brifinq keçirərək, nüvə başlıqlarının digər ölkələrdə yerləşdirilməsinin və nüvə şantajının əleyhinə olduqlarını növbəti dəfə xatırlatması?

- Əlbəttə, bu da cavab sayıla bilər, amma əsas cavab neft bazarında verildi. Bilirsiniz, son zamanlar Rusiya ilə Səudiyyə Ərəbistanı Çinin neft bazarında birincilik uğrunda çarpışırlar. Çin Rusiyanın Belarusda nüvə başlıqları yerləşdirə biləcəyi haqda xəbərdən dərhal sonra Səudiyyə ilə yeni bir neft anlaşması bağladı ki, bu da ən azından yaxın və orta perspektivdə onun neft bazarında birinciliyin Səudiyyədə olacağı deməkdir. Eyni zamanda Pekin bu addımla həm də onun istəyini nəzərə alıb İranla razılaşmalara getdiyi üçün də Ər-Riyadı ödülləndirdi.

- Səudiyyə Ərəbistanı ilə İranın barışması Çinin nəyinə lazımdır? Ümumiyyətlə, sizə elə gəlmirmi ki, bu barışma bizim regionda gərginliyin artmasına, Tehran rejimin burada daha aqressiv davranmasına xidmət edir?

- Bilirsiniz, Çinin sözü gedən dövlətləri bir araya gətirməsi, Si Cinpinin Rusiyaya səfəri dünya üzərində hegemonluğa can atan, onun əbədi birqütblü olmasına çalışanların, başqa sözlə desək, liberal imperiya qurucularının yolunu kəsmək, onlardan gələ biləcək zərbəni nə qədər mümkündürsə, bir o qədər zərərsizləşdirmək, yaxud da zəiflətmək məqsədi daşıyır.

Baxın, Fransanın öz baxışları və davranışlarıyla Surkovla Solovyovu xatırladan Bernar-Anri Levi deyilən bir filosofu var. Bu zat necə bir zamanlar Surkov Kremlin atmalı olduğu addımların ideoloji əsaslarını hazırlayırdısa, Solovyov Ukraynada baş verənlərə nə cür haqq qazandırırsa, eyni şövqlə, liberal imperiyanın maraqlarına xidmət edir. Yaxın Şərqdə baş verən bütün fəlakət və qarşıdurmalarda ideoloji dəstəkçi olaraq siz bu adamı görə bilərsiniz. Məsələn tutaq ki, Liviyada Qəzzafi rejiminin çökməsinin öncə bu adam anonsunu verir, ardınca nə yazırdısa, o da reallaşdırılır. Ərəb baharı və digər olaylar da onun eyni rolu oynadığın, eyni canfəşanlığı göstərdiyini görmək olar. İndi həmən bu Bernar-Anri Levinin sonuncu kitabında qlobal hegemonluğa can ataların kimləri özlərinə hədəf seçdikləri əksini tapıb. O, “İmperiya və 5 kral” əsərində Qərbdəkilərin öz məqsədlərinin reallaşdırılmasına maneçilik törədəcək 5 ölkənin - Çinin, Rusiyanın, Türkiyənin, Səudiyyə Ərəbistanı və İranın nə qədər mümkündür, bir o qədər zəiflədilməsi, hətta çökdürülməsindən dəm vurur. Proseslərin bu yöndə getdiyini, Qərbdəkilərin məhz buna cəhd etdiklərini sözü gedən dövlətlər də açıq-aydın görürlər. Ona görə də Çin Rusiya-Ukrayna savaşının birinci üçün son dərəcə fəlakətlə nəticələnməmişdən öncə qlobal hegemonluğa can atanların yolunu kəsmək üçün hazırlıqlara başladı. Mənə elə gəlir ki, onun Yaxın Şərqin illərdir bir-birinə qarşı düşmənçilik edən iki dövlətini barışdıra bilməsinin önəmi səbəblərindən biri də budur. Səudiyyə ilə İran da anlayırlar ki, aralarındakı ziddiyyət onlardan heç birinin yox, hər ikisinin məhvini istəyənlərin qələbəsi ilə nəticələnə bilər.

Bu barışığın İranın əl-qolunu açacağına gəldikdə isə, əlbəttə, oradakı rejim Azərbaycana qarşı düşmənçiliyini reallaşdırmaq üçün ən kiçik fürsətdən belə faydalanmağa çalışır və çalışacaq. Amma Azərbaycan-Çin əlaqələrinin yüksək səviyyədə olmasının özü də İranın öz məkrlərinin reallaşdıra bilməsinin önündəki əngəllərdən biridir.

- Bu haqda suala keçməmişdən soruşmaq istərdim, siz liberal imperiyanın hədəfində olan 5 dövlətin adını çəkdiniz və biz görürük onlardan biri olan Çin, digər üçü ilə sıx təmasdadır, amma nədənsə Türkiyə ilə hələ belə danışıqların getdiyi görünmür.

- Görünəcək, ola bilsin ki, qardaş ölkədə keçiriləcək seçkilərə görə bu, baş vermir. Mümkündür ki, hətta seçki öncəsi də hər iki ölkənin dövlət başçıları səviyyəsində görüş keçirilsin. Hər halda Türkiyənin Çinin dominant olduğu Şanxay Əməkdaşlıq Təşkilatında yer almaq istəyi var və bu istək özlüyündə çox şey deməkdir.

- Azərbaycan-Çin əlaqələrinin yüksək səviyyədə olduğunu dediniz, bu zaman siz nəyi, yaxud nələri nəzərdə tutursunuz?

- İlk növbədə ölkəmizin Çin üçün geosiyasi önəminin daha da artmasını. Çin hazırda heç vaxt olmadığı qədər Azərbaycan üzərindən keçəcək “Orta Dəhlizin” bütün gücü ilə işləməsində maraqlıdır. Dövlətimizin bu yöndə atdığı addımlar orada yüksək dəyərləndirilir. Xatırladım ki, 2017-ci ildə Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair sammitə dəvət edilən dövlət başçılarından biri də məhz cənab İlham Əliyev idi. Məhz o zaman Sammiti çərçivəsində görüşərkən Si Cinpin cənab İlham Əliyevi “Çinin böyük dostu” adlandırdı. Bu, həm Prezidentimizin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasında oynadığı rola, həm də Azərbaycanın Çin üçün nə dərəcədə əhəmiyyətli bir dövlət olmasına verilən qiymət idi. Onu da deyim ki, bu sammitdən iki il sonra Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada da onun təşkilatçıları, yəni çinlilər məhz Azərbaycan Prezidentini dinləməyə üstünlük vermişdilər. Niderlandın «Clingendael» adlanan tanınmış Beynəlxalq Əlaqələr İnstitutunun bu yaxınlardakı hesabatında da Avropa Birliyi və Hindistanın Ermənistana etdikləri jestlər fonunda Çinin Azərbaycandan keçən “Orta Dəhliz”dən faydalanmağa getdikcə daha çox maraq göstərdiyi vurğulanır. Yəni bütün bunları ona görə deyirəm ki, Çin Qərbdəki bəlli çevrələrin Azərbaycana etdiyi basqıların nədən qaynaqlandığını yaxşı bilir. Özü də həm keçmişdə, həm də indinin özündə eyni mahiyyətli basqılarla üzləşib və üzləşir, bizim kimi o da uzun müddət separatçılıqdan əziyyət çəkən bir dövlətdir. Əslində qüdrətini və qlobal müstəvidə getdikcə artan önəmini görüb deyə bilərik ki, elə Çin də Azərbaycanın böyük dostudur. Və bu dostluq Hindistan-Ermənistan dostluğundan fərli olaraq xoş niyyətlidir, kimsəyə qarşı deyil, hamıya - bütün region dövlətlərinə faydalıdır. Zəngəzur dəhlizinin açılmasından sonra haylar da bundan yetərində yararlanacaqlar.

Çin yüklərinin “Orta Dəhliz”lə Avropaya rahat daşınması üçün bəzi böyük güclərdən fərqli olaraq, bu regionda qarşıdurmada yox, sabitlikdə maraqlıdır. Biz yumşaq güc siyasətinə üstünlük verən Çinin əksər ölkələrə, o sıradan da Azərbaycana yanaşmada Qərbdəkilərdən daha xeyirxah davrandığını görürük. Bu özünün onun texnologiyalarına daha əlçatanlıqda da, pandemiya zamanı əksər qərb dövlətləri xudbincəsinə davranarkən vaksinlərini digərləri, o sıradan bizimlə bölüşməsində də, heç kimə ideoloji doqmalarını sırımamasında, başqalarının iç işlərinə qarışmamasında da göstərir. Mən Azərbaycanla dost Çin arasında gələcəkdə daha dərin əməkdaşlığın olacağı fikrindəyəm və bunun ölkəmizlə yanaşı regionda da əmin-amanlığa xidmət edəcəyinə əminəm.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR