Samsun Valiliyində Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti ilə görüş keçirilib.
APA-nın Samsuna ezam olunan müxbiri xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasındakı münasibətlər, eyni zamanda, prioritet məsələlər müzakirə edilib.
Azərbaycan nümayəndə heyətini salamlayan Samsun valisi Zülkif Dağlı Azərbaycan nümayəndə heyətini şəhərlərində görməkdən məmnunluğunu ifadə edib:
"Türkiyə və Azərbaycanın birliyi bundan sonra da davam edəcək. Ölkələrimizi bir- birilərinə bağlayan bağlar var. Bizim qardaşlığımız bütün dünyaya nümunədir. Qarabağ müharibəsində qazanılan qələbə hər birimizin qələbəsidir. Mən Şuşada oldum və o şəhərin necə gözəl və strateji bir yer olduğunu öz gözlərimlə gördüm. Ölkələrimiz arasında Şuşa bəyannaməsinin önəmi var. Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı altında çox böyük uğurlar əldə edilib. Hər iki dövlətin səyləri nəticəsində Türk Dövlətlər birliyi yaranıb. Dünyada bir-birilərinə yaxın olan belə ölkələr yoxdur. Biz iki dövlət bir millətik. Bunu bütün dünyaya sübut etmişik".
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova valinin diqqətinə çatdırıb ki, bu gün ölkə başçısı Şuşa şəhərində Atatürk prospektinin açılışını edib:
"Türkiyə və Azərbaycan doğma ölkələrdir. Türkiyənin böyüklüyü Azərbaycanın böyüklüyüdür. Türkiyə son 20 ildə çox böyük uğurlara imza atıb. Sənayedən, hərbiyə qədər inkişaf edib. Biz Türkiyənin uğurları ilə fəxr edirik".
Millət Məclisin deputatı Ramin Məmmədov qeyd edib ki, Türkiyə günü-gündən daha da güclənir:
"Bu gün qardaş ölkəmiz dünyada söz sahibidir. Biz istəyirik ki, Türkiyə həmişə güclü olsun. Əldə olunan nailiyyətlər davam etsin. Biz ümid edirik ki, mayın 14-də keçiriləcək seçkilərdə qazanılmış uğurların davamına Türkiyə xalqı tərəfindən dəstək nümayiş etdiriləcək”.
Görüş zamanı çıxış edən YAP nümayəndə heyətinin üzvü, Pirallahı rayon təşkilatının sədri Emil Abbasov Türkiyəyə geniş vizyon gətirən, türkçülüyünü və milliyini ilə dünyaya göstərən Ərdoğanın zəfər qazacağını ümid etdiyi bildirib:
"Ərdoğanın Azərbaycan üçün etdikləri unuda bilmərik. Biz düşünürük ki, Türkiyə seçicisi layiq olan AK Partiyə yenidən etimad göstərəcək və Ərdoğanın iqtidarı davam edəcək".