Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Çex Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş konfrans keçirilib.
APA xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edib.
O bildirib ki, Azərbaycanın Çex Respublikası ilə tarixi, iqtisadi və mədəni əlaqələri var. "2015-ci ildə Miloş Zeman Bakıya səfər edərkən iki ölkə arasında strateji tərəfdaşlıq barədə sənəd imzalanıb. Bizim Çexiya ilə münasibətlərimiz vacibdir, çünki bizim çağırışlarımızın beynəlxalq platformalara çatdırılması, xüsusilə də Aİ-yə çatdırılmasında Çex Respublikası vacib rol oynaya bilər, bu ölkə Aİ və Azərbaycan arasında güclü münasibətlərin tərəfdarıdır".
Daha sonra Çex Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek çıxış edib.
Səfir bildirib ki, Çexiya ilə Azərbaycan arasında əlaqələrin 30 illiyi şərəfinə bir sıra tədbirlərin keçirilməsi gözlənilir.
O bildirib ki, Çexiyanın Azərbaycanla strateji əməkdaşlıq haqqında sənəd imzalaması ikitərəfli əlaqələri yeni səviyyəyə qaldırıb. “Hazırda iki ölkə iqtisadiyyat, enerji, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Avropada mövcud böhran dövründə enerji təhlükəsizliyi Aİ-nin gündəmində birinci yerdədir və qeyd etmək lazımdır ki, Azərbaycan Çexiyaya ikinci ən böyük neft tədarükçüsüdür”.
O, mart ayında Azərbaycan və Çexiya arasında hökumətlərarası komissiyanın iclası keçiriləcəyini xatırladıb.
Daha sonra səfirin müavini Daniel Putik çıxış edərək iki ölkə arasında münasibətlərin tarixində önəmli hadisələr barədə danışıb. O deyib ki, Azərbaycan səfirliyi 2007-ci ildə Praqada açılıb.
O deyib ki, bu gün Azərbaycanla Çexiya arasında enerji təhlükəsizliyi sahəsində vacib əməkdaşlıq var. "Bu gün Azərbaycan nefti Çexiya üçün vacib olan qeyri-rus neft mənbəyidir", o vurğulayıb.
O deyib ki, Çexiya Azərbaycana investisiya qoymağa maraq göstərirlər, iqtisadi əlaqələrdə maraqlıdırlar.
"Xalqlarımız arasında münasibətlər var, azərbaycanlı tələbələr Çexiya universitetlərində təhsil alırlar, ölkəmizdə çox sayda azərbaycanlılar var. Ancaq iqtisadi əməkdaşlığımı daha da genişləndirmək üçün potensial var, imkanlar var, bu boşluğu doldura bilərik".
Tədbirdə çıxış edən deputat Tural Gəncəliyev deyib ki, iki ölkə arasında münasibətlərin tarixi orta əsrlərə gedib çıxır və müasir dövrdə də münasibətlər yüksək səviyyədədir.
"Biz Çex Respublikası ilə əməkdaşlığımızı yüksək dəyərləndiririk", o vurğulayıb.
Deputat deyib ki, Çex Respublikası və Azərbaycan ortaq təhdidlərdən, çətinliklərdən əziyyət çəkib.
O xatırladıb ki, Çexiya Parlamenti Xocalı qırğınını tanıyan ilk ölkələrdən biridir və bu ölkədə Xocalı qırğını ilə bağlı abidə də var.
Tədbirə onlayn qoşulan Çex Respublikasının Azərbaycandakı keçmiş səfiri Milan Ekert qeyd edib ki, hər iki ölkənin tarixdə qonşuları ilə mürəkkəb münasibətləri olub, lakin bu gün Çex Respublikası qonşuları ilə münasibətləri yüksək səviyyəyə çatdırıb.
Keçmiş səfir ikinci dünya müharibəsində iştirak edərək keçmiş Çexslovakiyanın 1945-ci ildə azad olunmasında fəal iştirak etmiş azərbaycanlı əsgərlərə görə Azərbaycana təşəkkür etdiyini deyib.
İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan Milan Ekert bildirib ki, çex şirkətləri enerji əməkdaşlığında, azad olunan ərazilərdə "ağıllı şəhər və kəndləri" konseptində iştirak etməkdə maraqlıdırlar.
Tədbirdə Slovakiya səfiri də çıxış edib. O deyib ki, onun ölkəsinin Çex Respublikası ilə yalnız ortaq tarixi yox, həm də ortaq mentaliteti var. Səfirin sözlərinə görə, iki ölkənin ayrılması sülh və dialoq nəticəsində baş tutub.
Səfir Azərbaycan və Slovakiya münasibətləri ilə bağlı deyib ki, iki ölkənin səmərəli əməkdaşlığı var.
Tədbirdə BMTM-in eksperti Şahmar Hacıyev çıxış edərək Çex Respublikası və Azərbaycan arasında iqtisadi əməkdaşlığın aspektləri barədə danışıb. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 300 milyon olub. "Azərbaycan Çexiyanın neft bazarının ikinci ən böyük təchizatçısıdır". O bildirib ki, Çexiyanın Rusiya qazından asılılığı 87 faizdən 4 faizə düşüb və belə olan halda Azərbaycan və Çexiya üçün qaz bazarında da gələcək əməkdaşlıq imkanları mümkün ola bilər.