“Türkiyə ilə Azərbaycan münasibətlərinə tarix təyin etmək mümkün deyil. Tarix boyu iki ölkə düşmənə qarşı birgə mübarizə aparıb”.
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Qərbi Azərbaycan İcmasında keçirilən görüşdə deyib.
Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin çətin zamanında hər zaman köməyə yetişib: “Biz Çanaqqala savaşında Azərbaycan əsgərini mehmetçik olaraq tanımışıq və bu şəkildə dəfn etmişik. Nuru Paşanın komandanlığı altında Azərbaycanda döyüşən türk əsgərləri də yaralananda azərbaycanlılar öz evlərində onları müalicə edib, vəfat etdiklərində öz məzarlıqlarında dəfn ediblər. Önümüzdəki ayda isə Xocalı soyqırımı zamanı qətlə yetirilən insanların yaxınlarının yanlarında olacağıq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaşına öz siyasi və mənəvi dəstəyini verdi. Hazırda Azərbaycanın qarşı-qarşıya qaldığı vəziyyət, atəşkəsə baxmayaraq, irəliləyiş əldə edilməməsi siyasətin davam etdirilməli olduğunu göstərir. Bu bölgədə sülhün təmin edilməsi üçün Azərbaycan, Türkiyə və Ermənistan arasındakı məsələlərin öz aralarında müzakirə edilməli olduğunu düşünürük. Ancaq bu şəkildə sülhə nail olmaq olar”.