Türkiyənin paytaxtı Ankarada 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı tədbir keçirilib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirə Azərbaycandan və Türkiyədən siyasi və ictimai xadimlər, Azərbaycan səfirliyinin əməkdaşları, həmçinin, media nümayəndələri və Türkiyədə təhsil alan azərbaycanlı kursantlar da qatılıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışı zamanı 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik və azadlıq tarixinin ən önəmli səhifələrindən biri olduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, Azərbaycan xalqı müstəqilliyini öz qanı bahasına bərpa edə bilib. Səfir bildirib ki, 1988-ci ildə Ermənistan SSR-nin Azərbaycan SSR-nə qarşı əsassız iddiaları yaranmışdır və Sovet İttifaqı buna göz yumub: “Azərbaycan xalqı bu qanunsuz iddianın ləğvini tələb edirdi. Sovet ordusu xalqın üzərinə tanklar yürütdü, günahsız insanları, yaşlı, qadın, uşaq demədən, qətlə yetirdi. Bir milyondan çox azərbaycanlı qadağaya baxmayaraq Bakı küçələrinə çıxaraq, şəhid olanların dəfn mərasiminə qatıldı. Azərbaycan xalqının qanı bahasına millətlərin zindanı olan SSRİ çökdü”, - deyə səfir vurğulayıb.
Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim öz növbəsində 20 Yanvar hadisələrinin türk xalqlarının qəhrəmanlıq dastanı olduğunu bildirib. Onun sözlərinə görə, 30 il sonra isə Azərbaycan Ordusu işğal atında olan torpaqlarını 44 gün ərzində azad etdi.
“Bu Zəfər güclü türk dünyası ümidlərimizi yenidən canlandırdı. Torpaqların azad olunmasının ardından başlayan börük qayıdış və bölgədə davam edən yenidənqurma işləri bizim üçün qürur mənbəyidir”, - deyə nazir müavini qeyd edib.