Bank Of Baku

Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO

Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO  - VİDEO
# 11 sentyabr 2026 20:34 (UTC +04:00)

Şuşada Meksikanın Müstəqillik Gününə həsr olunmuş mərasim keçirilib.

APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, tədbirdə Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycan və Meksikanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoria Romero Kabalyero çıxışında ölkəsinin Müstəqillik Gününü ikinci dəfə Şuşada qeyd etməsindən məmnunluğunu ifadə edib.

“İkinci dəfə Şuşada olmaq və Meksikanın müstəqilliyinin 216-cı ildönümünü qeyd etmək mənim üçün böyük şərəfdir. İlk dəfə bu günü burada 2024-cü ildə qeyd etmişdik. Azərbaycanın tarixi şəhəri, ölkənin mədəniyyət paytaxtı Şuşada Meksikanın Milli Gününü hamınızla birlikdə qeyd etmək üçün yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə təşəkkürümü bildirirəm”, – səfir deyib.

Diplomat qeyd edib ki, Meksika ilə Azərbaycan arasında böyük coğrafi məsafə olsa da, iki ölkə arasında bir sıra oxşarlıqlar mövcuddur. Onun sözlərinə görə, hər iki ölkə əlverişli coğrafi mövqeyə, zəngin təbii və enerji ehtiyatlarına, mədəni irsə və qonaqpərvərlik ənənələrinə malikdir, həmçinin müxtəlif mədəniyyətləri birləşdirən körpü rolunu oynayır.

Səfir bildirib ki, son dövrdə Azərbaycan və Meksika arasında siyasi dialoq və institusional əlaqələr genişlənib. O, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və Milli Məclisin nümayəndə heyətinin, o cümlədən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Meksikaya səfərlərini qeyd edib.

“Eyni zamanda, Meksika və Azərbaycan dünyanın iki strateji əhəmiyyətli regionunda yerləşən dinamik iqtisadiyyatlardır. İqtisadi əlaqələrimiz əhəmiyyətli dərəcədə güclənib, lakin gələcək inkişaf üçün böyük potensial və geniş imkanlar mövcuddur”, – Mariya Viktoria Romero Kabalyero vurğulayıb.

Səfir bu il iki mühüm razılaşmanın əldə olunduğunu, onlardan birinin diaspor məsələlərinə, digərinin isə müdafiə və təhlükəsizlik sahəsinə aid olduğunu bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə çıxışında artıq ikinci ildir Meksikanın Müstəqillik Gününün Şuşada keçirilməsinin diplomatik praktikada yeni ənənənin əsasını qoyduğunu bildirib.

“Bu təşəbbüsə görə təşəkkür edirəm və fürsətdən istifadə edərək diplomatik korpusun nümayəndələrini gələcəkdə də bu cür təşəbbüslərə qoşulmağa dəvət edirəm. Belə təşəbbüslər irəli sürüldüyü təqdirdə, Azərbaycan ev sahibi ölkə kimi onları öz tərəfindən dəstəkləməyə hazırdır”, – Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, fundamental məsələlərin əksəriyyətində Azərbaycan və Meksikanın mövqeləri üst-üstə düşür. Onun sözlərinə görə, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında beynəlxalq hüququn norma və prinsipləri, eləcə də qarşılıqlı hörmət mühüm rol oynayır.

Hikmət Hacıyev Azərbaycan-Meksika əlaqələrinin iqtisadi-ticarət, investisiya, enerji, mədəni-humanitar və digər istiqamətlərdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

“Ölkələrimiz arasında müəyyən coğrafi məsafə var. Lakin düşünürük ki, bu coğrafi məsafə bizim üçün problem deyil. Hər iki ölkənin əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdirilməsi istiqamətində qəti əzmi var”, – Prezidentin köməkçisi bildirib.

Tədbirdə Şuşanın diplomatik tədbirlərin keçirildiyi mühüm məkanlardan birinə çevrildiyi, digər ölkələrin milli və müstəqillik günlərinin də şəhərdə qeyd olunmasının bunun göstəricisi olduğu vurğulanıb.

Mərasim bədii hissə ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR