“Bu gün dünyadakı problemlər fonunda belə tədbirin keçirilməsi vacibdir”.
APA-nın xəbərinə görə, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda Timor-Leste Demokratik Respublikasının Prezidenti, 1996-cı il Nobel Sülh Mükafatı laureatı Xose Ramos Horta bildirib.
Xose Ramos Horta deyib ki, Timor-Lestedə hər hansı qarşıdurma yoxdur, qonşularla münasibətləri yaxşıdır: “Buna baxmayaraq, biz hələ az inkişaf etmiş ölkəyik. 2020-2022-ci illərdə dünyada milyonlarla insanın vəziyyəti daha da ağırlaşıb. Timor-Leste isə pandemiya ilə bağlı vəziyyətdən daha yaxşı çıxıb”.
Timor-Leste Demokratik Respublikasının Prezidenti qeyd edib ki, Cənubi Çin dənizinin silahsızlaşdırılması vacibdir: “25 yaşım olan zaman Nyu-Yorka səfər etmişdim. Ancaq mənim BMT Baş Assambleyasında çıxış etmək imkanım oldu. Mən SSRİ-nin daimi nümayəndəsi ilə görüşdüm. Bu görüşün çox hissəsində onu yuxu tuturdu. Mən onu çox oyatmamağa çalışdım. Ancaq mən ümid etmirdim ki, SSRİ süquta uğrayacaq. İndi isə Bakıda bu Qlobal Forum çərçivəsində üzləşdiyimiz problemlərlə əlaqədar toplaşmışıq. Biz indi isə Cənubi Çin dənizində silahsızlanmaya nail olmalıyıq. Şimali Koreyadan gələn təhdid də realdır. Biz gərginliyin artmamasına çalışmalıyıq”.
Xose Ramos Horta nəzərə çatdırıb ki, Avropa birləşmiş mövqedən çıxış etməli, ABŞ və Rusiya arasında uçurumun aradan qaldırılmasına öz töhfəsini verməlidir: “Braziliya, Türkiyə, Çin kimi ölkələr birgə çıxış edərək dünyada münaqişələrin aradan qaldırılmasında vasitəçi kimi çıxış etməlidir. Bizim gedəcəyimiz yol kifayət qədər uzundur. Müharibə təhlükəsi hələ də başımızın üzərindədir. Biz Koreya yarımadasında, Cənubi Çin dənizində sülh quruculuğuna çalışmalıyıq”.