X Qlobal Bakı Forumunda Afrika regionunun geostrateji əhəmiyyəti barədə panel müzakirəsi keçirilib - FOTO

X Qlobal Bakı Forumunda Afrika regionunun geostrateji əhəmiyyəti barədə panel müzakirəsi keçirilib - FOTO
# 11 mart 2023 15:12 (UTC +04:00)

İqlim dəyişikliyi ilə mübarizə qlobal transformasiya tələb edir.

APA xəbər verir ki, bunu X Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Afrika regionunun geostrateji əhəmiyyəti: Perspektivlər və çağırışlar" mövzusunda panel müzakirəsində Mərakeşin sabiq ətraf mühit naziri Jakima El Haite deyib.

Jakima El Haite bildirib ki, Afrika regionu bərabər, qarşılıqlı hörmətə əsaslanan yanaşma istəyir. "Biz anlayırıq ki, Ukrayna təcavüzlə üzləşib, baş verənlər Avropanın qapısının ağzındadır, orada müharibə gedir, ancaq Afrika regionunda da münaqişələr, təhlükələr var".

O deyib ki, iqlim dəyişikliyinin nəticələrindən ən çox əziyyət çəkən Afrika regionudur: "İqlim dəyişikliyi ilə bağlı danışanda deyirlər ki, həssas ölkələrə 100 milyon dollar yardım ayırmaq lazımdır. Ancaq bu belə deyil, bizim pula ehtiyacımız yoxdur. Atılmalı olan addım qlobal transformasiyadır. Sənayeləşmiş ölkələr, siz karbonu azaltmalısınız".

Mərakeşli keçmiş nazir qeyd edib ki, Ukrayna müharibəsi bir daha göstərdi ki, qlobal ictimaiyyət arasında necə fərqli yanaşma var: "Ancaq biz hamımız biz-birimizə bağlıyıq və asılıyıq. Paradiqmanı dəyişmək üçün əməkdaşlıq etməli, yaxınlaşmalıyıq".

Nigeriyanın sabiq xarici işlər naziri Ayşatu Mindaudu isə çıxışında bildirib ki, Afrika qitəsinin ən çox əhaliyə sahib olması ilə bağlı bir mif var ki, bu həqiqəti əks etdirmir: "Təkcə Hindistan əhalisi bütöv Afrika qitəsi qədərdir. Ona görə də Afrika ilə bağlı bu fikir yenidən nəzərdən keçirilməlidir".

O, çıxışında Afrika regionunda terror təhlükəsi, Saxel böhranı barədə danışıb. Keçmiş nazirin sözlərinə görə, Saxel böhranına görə 2,5 milyon əhali qaçqın olub.

Afrikanın qida təhlükəsizliyi barədə də qeyd edən nigeriyalı rəsmi deyib ki, hər bir Afrika ölkəsi başa düşür ki, xaricdən qida asılılığını azaltmaq lazımdır: "Bunun üçün icma səviyyəsindən başlayaraq işləmək lazımdır".

Panel iştirakçısı Seneqalın keçmiş Baş naziri Aminata Ture çıxışında rasizmin pislənilməsinin vacibliyini və qəbuledilməz olduğunu vurğulayıb: "Biz Afrikanı sənayeləşdirməliyik, Avropa Afrika qitəsinə bərabərhüquqlu tərəfdaş kimi baxmalıdır.

Bizim, Afrika ölkələrinin imkanları, potensialı var, lakin bizim ehtiyacımız olan yeganə şey bizim ağıllı liderlik, strategiyasıdır. Biz gənclərlə, gənc liderlərlə işləməliyik".

Mavritaniyanın sabiq prezidenti Amina Qurib Fakim isə çıxışında Afrikanın təhsilinə xarici investisiyanın cəlb olunmasının vacibliyini vurğulayıb: "Belə olan halda Afrika gəncliyi lazımi bacarıqlara yiyələnərək əmək bazarında özünə yer tutacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR