Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən " Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” adlı panel keçirilib.
APA-nın xəbərinə görə, panelin moderatoru Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev (2012-2017-ci illər) olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus videmesajla müraciətində səhiyyə sahəsində atılmalı olan addımlardan danışıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Nacat Moxtar deyib ki, bütün uğurlar texnologiyalardan asılıdır:
“COVİD-19 pandemiyası bizi 10 il geri saldı, BMT-nin İnkişaf Məqsədlərinə çatmağa gecikirik. Digər tərəfdən, Afrikada bir çox ölkələrdə radioterapiyaya çıxışı yoxdur. İnfrastrukturun qurulması üçün addımlar atılmasa, nə edə bilərik? Yeri gəlmişkən, Kambocada bu yaxınlarda bir qız uşağı çiçək xəstəliyindən dünyasını dəyişdi, bu da narahatlıq doğurur. COVİD-19 isə heyvanlardan yoluxub, ona görə də biz baytarlıq sahəsinə dəstəyi artırmalıyıq. Daha az gəlirli ölkələr də müvafiq infrastruktura malik olmalıdır ki, öncədən belə xəstəlikləri aşkarlasın, yayılmasının qarşısı alınsın. Məlumatlar, tədqiqatlar olmadan qarşımıza qoyulan vəzifələri yerinə yetirə bilmərik”.
Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç (2003-2018-ci illər) qeyd edib ki, ölkələrində pandemiya zamanı sərhədləri bağlanmışdı: “Sərhədləri açanda koronavirusa yoluxmalar artdı. Təəssüflər olsun ki, bir çox insanlar da dünyasını dəyişdi. Vətəndaşların nizam-intizamı aşağı səviyyədə idi. Mən ictimaiyyətə bunun nə kimi fəsadları ola biləcəyini izah etməyə çalışdım. İndiyə qədər dünyada 6,8 milyon insan dünyasını dəyişib. Bəzi mənbələrə görə isə bu say 10 milyon nəfərdir. Digər tərəfdən, dərman sənayesi yüksək effektivliyini nümayiş etdirdi. Lakin təəssüf ki, zəngin ölkələr vaksinləri aldı, vaksinlərin satışında pul amili əsas götürüldü. Kasıb ölkələrdə 3,5 milyon insan dünyasını dəyişdi. Dərman şirkətlərinin daha çox mənfəət qazanmaq istəyi nəticəsində milyonlarla insan dünyasını dəyişdi. Mənfəət şirkətlər üçün daha önəmli idi. Bu da müasir cəmiyyətlərin uğursuzluğudur”.
Monteneqronun sabiq Prezidenti pandemiyanın yoxsulluq və işsizliyi artırdığını söyləyib: “İlk növbədə pandemiya gənclərin həyatına təsir etdi. Tədqiqatlar göstərir ki, gənclərin 76 faizi Qərbi Balkan ölkələrindən çıxaraq kənarda işləmək istəyir”.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev bildirib ki, pandemiya səhiyyənin bu kimi çağırışlara hazır olmasının vacibliyini ortaya qoydu: “Səhiyyə sisteminə investisiya gələcəyə investisiya qoyulması deməkdir. Sağlamlıqla bağlı məlumatların vaxtında toplanması üçün yeni platformalar yaradılır və yaradılmalıdır. Digər tərəfdən, özəl sektorun səhiyyə sahəsində xüsusi rolu var. Səhiyyə sistemləri pandemiyalara, fövqəladə hallara hazır olmalıdır. Ona görə də bu sahədə tibbi personalın hazırlığı vacib məsələdir. O cümlədən tibbi avadanlığın çatışmazlığının da bir problem olduğunu gördük. Bu sahədə çoxtərəfli əməkdaşlıq vacibdir”.
Bosniya və Hersoqovinanın Nazirlər Şurasının keçmiş sədri Zlatko Laqumdzija (2001-2002-ci illər) Azərbaycan Prezidenti İlham Əliyevin bərpa olunan enerji sahəsində iddialı mövqe ortaya qoyduğunu söyləyib: “Pandemiya nəticəsində dünyada hər milyon nəfərə düşən ölüm sayına görə Peru, Bolqarıstan, üçüncü Macarıstan, dördüncü yerdə Bosniya və Hersoqovinadır. Gürcüstan 8-ci yerdə qərarlaşıb. Azərbaycan isə bu siyahıda 103-cü yerdədir, ölüm səviyyəsi bizimlə müqayisədə 5 dəfə azdır”.
“Hadassa” Tibb Mərkəzinin baş direktoru Yoram Veys qeyd edib ki, pandemiya dövründə kommunikasiya, icma ilə dialoq vacibdir: “Eyni zamanda digər xəstəlikləri unuda bilmərik. Biz həm pandemiyaya hazır olmalı, həm də digər xidmətləri təmin etməyə hazır olmalıyıq. Mental sağlamlığa da xüsusi diqqət edilməlidir, pandemiyadan onun təsirləri ciddi gözə çarpırdı. Səhiyyə sistemi üçün xidmətlərimiz yüksək səviyyədə olmalıdır”.
Böyük Britaniyanın sabiq Baş naziri (2007-2010-cu illər), BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi, ÜST-ün Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun videomesajında bildirib ki, dövlətlər ÜST-ə müvafiq vəsait ayırmalıdır: “Ancaq ÜST-ə kifayət qədər vəsait ayrılmır. Kasıb ölkələrdə pandemiya ilə mübarizə üçün kifayət qədər vəsait yoxdur. Həmin ölkələrdə 1000 nəfərdən biri üçün test imkanı var. Vaksinasiya dünyada bərabər şəkildə həyata keçirilməsə, bu, vicdanımızda bir ləkə kimi qalacaq. Dünyada milyon həyatını dəyişirsə, təhlükəli şəraitdə yaşayırsa, bu, narahatlıq doğurmaya bilməz”, o deyib.
Tədbir müzakirələrlə davam edib.