Bu gün İndoneziyanın dövlət müstəqilliyinin 72-ci ildönümü ilə əlaqədar “Bulvar Hotel”də qəbul təşkil olunub.
APA-nın məlumatına görə, mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, xarici ölkələrin Azərbaycandakı diplomatik korpusun nümayəndələri, Azərbaycanda yaşayan indoneziyalılar və digər qonaqlar iştirak edib.
Tədbir Azərbaycan və İndoneziyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Mərasimdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie çıxışında iki ölkə arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirib. Səfir qeyd edib ki, son beş ildə İndoneziya və Azərbaycan arasında 40-dan çox yüksək səviyyəli səfərlər təşkil edilib.
H.Fannie vurğulayıb ki, iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi 2015-ci ildə 19 milyon ABŞ dolları təşkil edib, 2016-cı ildə isə ikiqat artaraq 46 milyona çatıb. Səfir çıxışında sentyabrın 9-da Heydər Əliyev sarayında baş tutacaq ikinci İndoneziya Mədəniyyəti festivalına da toxunub. Səfir vurğulayıb ki, İndoneziyanın hər zaman terrorizm və ekstremizmə qarşı mübarizədə Azərbaycanın yanındadır.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan və Indoneziya müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməyə çalışır. O, İndoneziyanın daim siyasi məsələlərdə Azərbaycanı dəstəkləməsini yüksək qiymətləndirib və minnətdarlığını ifadə edib. Tədbir İndoneziya mətbəxinin qonaqlara təqdim olunması ilə davam edib.