Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, Təhsil və Sosial Məsələlər Komitəsinin Bakıda keçirilən 48-ci iclası davam edir.
APA-nın xəbərinə görə, komitənin sədr müavini Özcan Ulupınar çıxışında bildirib ki, üzv ölkələrdə səhiyyə sisteminin daha sağam olması üçün addımlar atılmalıdır.
Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib ki, hazırda insanlar regional inteqrasiya proseslərinin geniş vüsət aldığı dövrdə yaşayır. Onun sözlərinə görə, dünyada baş verən siyasi, iqtisadi problemləri ölkələrin səylərini birləşdirməklə həll etmək mümkündür: “Dünyada əməkdaşlığın zəruriliyi heç zaman bugünkü qədər hiss olunmayıb. Bu, Qara Dəniz İqtisadi Əməkdaşlıq bölgəsinə də aiddir. Azərbaycan ötən illər ərzində həyata keçirdiyi fəaliyyətlər nəticəsində iqtisadi irəliləyişə, iqtisadi potensialın artmasına, səhiyyə sahəsinin inkişafına nail olub. Ölkə prezidenti tərəfindən həyata keçirilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafı üçün böyük islahatlar həyata keçirilir, investisiyalar yatırılır. Ölkədə 500-dən artıq tibb müəssisəsinin tikintisi və təmiri həyata keçirilib, müasir texnikalarla təmin olunub. Ana və uşaq ölümünün göstəricisi kəskin şəkildə azalıb. Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq və beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının siyasətinin mərkəzində insan amilinin dayandığını səhiyyədəki islahatlar da sübut edir”.
Daha sonra Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri və PA-nın sədr müavini Asəf Hacıyev çıxış edərək komitənin fəaliyyətinə uğurlar arzulayıb.
***
Saat: 10:15
Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Mədəniyyət, Təhsil və Sosial Məsələlər Komitəsinin 48-ci iclası başlayır.
APA-nın məlumatına görə, ilk olaraq iclasda komitə sədrinin müavini seçiləcək. Daha sonra “Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı ölkələrində səhiyyənin dayanıqlı sisteminin təminatında parlamentin rolu” mövzusunda hesabat layihəsi dinləniləcək.
İclası çıxış sözü ilə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov açacaq.