Milli Məclisin sədri Oqtay Əsədov Koreya Respublikası Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov görüşdə bildirib ki, iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün hər iki ölkənin geniş potensialı var.
O qeyd edib ki, bu gün Koreya şirkətləri ölkəmizdə səmərəli fəaliyyət göstərir: “Biz bu ölkənin Azərbaycanda peşə tədrisinə verdiyi dəstəyi yüksək qiymətləndiririk. MM sədri onu da deyib ki, Azərbaycan həm də mühüm nəqliyyat layihələrinin reallaşmasında fəal iştirak edir. O, ölkənin Qədim İpək yolunun bərpasındakı rolundan, bu sahədə mühüm addım kimi Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişindən, Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında iştirakından danışıb.
Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verən O. Əsədov cari ilin fevral ayında Koreya Milli Assambleyasında Xocalı soyqırımına həsr olunmuş fotosərginin keçirilməsini çox önəmli hesab edib: “Biz ümidvarıq ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ probleminin müzakirəsi zamanı Koreya tərəfi bu məsələyə həssaslıqla yanaşacaq və Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək”.
Pak Cu-sun isə bildirib ki, bu səfərin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır: “Biz qarşıdan gələn növbəti 25 il üçün də fəaliyyət proqramı üzərində düşünməliyik. Azərbaycan Koreya Respublikası üçün çox əhəmiyyətli ölkədir”.
Daha sonra qonaq parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvləri ilə görüşüb.