ABŞ-ın Los Anceles şəhərində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya bildirilib ki, aksiyada Los Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün gün ərzində süfrə açılaraq, 500-dən çox insana isti yeməklər paylanılıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.
Qeyd edək ki, Los Anceles ABŞ-da ən çox evsiz-eşiksiz insanların yaşadığı ikinci ən böyük şəhərdir. Hesablamalara görə, bu şəhərdə 60 minədək evsiz-eşiksiz insan var ki, bu da Los Anceles üçün ciddi problemlər yaradır.