Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşeləri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində yaralanmış Sərvinaz Quliyevaya baş çəkiblər.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, KİV nümayəndələri və diplomatlar hospitalda müalicə olunan S. Quliyevanın səhhəti ilə maraqlanıb, hadisə barədə ondan məlumat alıblar.
Qeyd edək ki, qonaqlar Alxanlı kəndinə də gedəcəklər.
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.