“Ermənistanın fəaliyyəti status-kvonun qorunmasına xidmət edir”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Kamil Xasıyev deyib.
K. Xasıyev işğal olunmuş ərazilərdə Avropa İttifaqı ölkələrinin şirkətlərinin qanunsuz fəaliyyət göstərdiyini nəzərə çatdırıb: “Azərbaycan gözləyir ki, Avropa İttifaqının digər işğal olunmuş ərazilərdə tətbiq etdiyi normalar Azərbaycanın işğal olunmuş ərazilərində də tətbiq olunsun. Avropa İttifaqı mal və xidmətlərin işğal olunmuş ərazilərə çatdırılmasının qarşısını ala bilər. Avropa İttifaqının Azərbaycanın işğal olunmuş ərazilərində hüquqi və fiziki şəxslərin fəaliyyətinin qarşısını almasına gözləyirik. Bu fikirlər xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının komissarı Federika Mogeriniyə göndərdiyi məktubda da əksini tapıb. Avropa İttifaqı Suriyadan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində deyil, Ermənistanda yerləşdirilməsini dəstəkləməlidir”.
XİN nümayədəsi qeyd edib ki, Avropa Məhkəməsinin “Çıraqovlar Ermənistana qarşı” qətnaməsinə əsasən 3 ay ərzində Ermənistan həmin şəxslərə kompensasiya ödəməli idi: “Ancaq bu kompensasiya ödənməyib. Avropa İttifaqı buna yardımçı ola bilər”.