Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən COP29 tədbiri çərçivəsində qəbul edilən qərarların icra vəziyyəti barədə danışıb.
Yalçın Rəfiyev APA-ya müsahibəsində bildirib ki, COP29-da qəbul edilən ən mühüm qərarlardan biri Bakı İqlim Maliyyəsi Hədəfi olub və bu qərarla illik 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin olunması nəzərdə tutuldu: “Bu, həmin dövr üçün xüsusi irəliləyiş idi. Ancaq bu qərarın icrası daha vacibdir. İcra ilə bağlı müşahidə etdiyimiz proseslər bundan ibarətdir ki, geosiyasi mənzərədə baş verən dəyişikliklər, bəzi dövlətlərin öz hərbi təhlükəsizlik xərclərini artırması və iqlimlə əlaqədar olan büdcə xərclərinin milli təhlükəsizliyə, müdafiəyə yönəldilməsi nəticəsində bu hədəfə çatmaqla bağlı hələlik optimist mənzərə yoxdur”.
Ölkələrin öhdəliklərini necə yerinə yetirməsi barədə suala cavabında nazir müavini qeyd edib ki, Paris Sazişinə əsasən, vəsaiti inkişaf etmiş dövlətlər təmin etməlidir: “Onu təmin etməli olan dövlətlərdə baş verən büdcə dəyişiklikləri, iqlimlə bağlı nəzərdə tutulan vəsaitin müdafiə və təhlükəsizlik xərclərinə yönəldilməsi hazırda bununla bağlı optimist proqnoz verməyə çətinlik yaradır”.
Yalçın Rəfiyev indiyə qədər toplanan vəsaitin məbləğinin məlum olmadığını da bildirib: “Bunu bu ilin sonuna doğru dərc olunacaq vəsaitdə müşahidə etmək olacaq. Hələ ki, bununla bağlı istinad edəcəyimiz etibarlı mənbə yoxdur. Bu, iqtisadi əməkdaşlıq və inkişaf təşkilatının hesabatlarında əksini tapır və biz ilin sonunda bu hesabatın dərc olunmasını gözləyirik”.