Türkiyədə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti AK Partiyanın İzmir şəhər Təşkilatında olub.
APA-nın İzmirə ezam olunan müxbiri xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərindən, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, dostluq əlaqələrindən söz açılıb.
Görüşdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Fatma Yıldırım, Mahir Abbaszadə, Sahib Alıyev və Elman Nəsirov iştirak ediblər.
Daha sonra birgə mətbuat konfransı keçirilib.
AK Partiyanın İzmir millət vəkili Ceyda Bölünməz qeyd edib ki, seçkilərdə “hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) gedəcək” deyənlər Azərbaycanın və Türkiyənin gələcəyini istəməyənlərdir: "Azərbaycan və Türkiyəni bir-birilərinə bağlayan tarixi bağlar var. Dünyada bir-birilərinə yaxın olan belə bir ölkələr yoxdur. Bizi istəməyənlərin arzuları ürəklərində qalacaq. İnşallah, bu seçkilər Azərbaycan və Türkiyə üçün xeyirli olacaq”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Hikmət Babaoğlu isə bildirib ki, mayın 14-də Türkiyə keçirilən seçkilərlə dünyaya demokratiya dərsi keçdi:
"Bu bizi sevindirir. Çünki Türkiyə və Azərbaycanın iki dövlət, bir millətdir. Dünyadakı bütün türk xalqları qardaşdır. Hər iki xalq üçün birlik baxımından əhəmiyyətlidir. Qardaşlıq münasibətləri bundan sonra daha da yaxşılaşacaq. Türkiyə dünyada sözünü deyən ölkədir. Biz də bununla bağlı fəxr edirik. Türkiyə 44 günlük Vətən müharibəsi başlayan ilk gündən etibarən Azərbaycanın yanında olub".
O, 28 mayda keçiriləcək seçkidə Türkiyə xalqının düzgün seçim edəcəyinə inandığını bildirib:
"Biz Türkiyənin yanındayıq. Allah sizə yar və köməkçi olsun".
Görüş zamanı çıxış edən Fatma Yıldırım isə bildirib ki, Türkiyə bizim ikinci vətənimizdir:
"Qardaşlıq üçün bura gəldik. Biz iki dövlət, bir millətik. Biz 44 gündə qardaşlarımızın dəstəyini hiss elədik. Türk dünyasının böyüməsi üçün böyük yol keçilib. Sözünü deyən bir türk xalqının nümayəndəsiyik. Necə 14 mayda türk xalqı sözünü deyibsə, 28 mayda da öz sözünü deyəcək. Mən düşünürəm ki, Türkiyə xalqı seçkilərdə gələcəyi naminə düzgün seçim edəcək".
Elman Nəsirov deyib ki, Türkiyə Cümhuriyyətinin 100 iliyini gördüklərini üçün xoşbəxtdirlər: "Cənab Ərdoğan təkcə Türkiyə üçün deyil, bütün türk xalqları üçün böyük liderdir. Bizim və sizin prezidentin dostluğu və qardaşlığı bizi qələbəyə aparır. Türkiyənin gələcəyi və inkişafı üçün seçicilər düzgün seçim edəcəklər".
Mahir Abbaszadə qeyd edib ki, Türkiyədə olmaqdan xoşbəxtdirlər:
"Mayın 6-dan 15-ə qədər Türkiyədə olduq. Mən burda gördüm ki, Türkiyə seçkidə dünyaya demokratiya dərsi keçdi. Bunu bütün Avropada və dünyada gördüm. Seçki günü izlədim ki, 93 yaşlı seçici 3 saatdan artıq sırada durub səsini verdi. Bu çox yaxşı mənzərədir. Rəcəb Tayyib Ərdoğanın şəxsiyyəti böyükdür. Mayın 28-də bizim müstəqillik günümüzdür. Türkiyədə qələbə ilə bayram-bayrama qarışacaq".
Millət vəkili Sahib Alıyev qeyd edib ki, Türkiyə seçicisi öz səsinə sadaqətlidir, öz səsinə sahib çıxır: “Mən şəxsən türk xalqıyla fəxr edirəm. Mən hər gün dünya mətbuatını izləyirəm. Son illər heç bir ölkədə bu qədər seçkiyə diqqət yox idi. Ərdoğanın hakimiyyətdən getməsi üçün hər şeyi edirlər. Lakin 14 may seçkiləri göstərdi ki, dünya "5-dən" böyükdür. Türk xalqı öz Anadolu övladı Ərdoğana dəstəkdir".