Ötən ilin oktyabr ayında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov "Merlər sülh naminə" 10-cu Baş Konfransında iştirak etmək üçün Hiroşimaya səfər edib və Hiroşima şəhərinin meri ilə Ağdam və Hiroşima şəhərləri arasında gələcək əməkdaşlığı müzakirə edib.
APA xəbər verir ki, bunu bu gün Bakıda Yaponiyanın milli bayramı - Təvəllüd Günü, İmperator əlahəzrət Naruhitonun 63-cü doğum günü münasibətilə tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada deyib.
"İnanıram ki, Ağdam gələcəkdə Hiroşima kimi sülh və firavanlıq mərkəzinə çevriləcək. Yaponiya hökuməti və xalqı adından ümid edirəm ki, həm bu regionda, həm də bütün dünyada əbədi sülh bərqərar olacaq" - diplomat əlavə edib.