Bank Of Baku

Ziyafət Əsgərov: Prezident Münxendə Ermənistan və havadarlarının anti-Azərbaycan kampaniyasını ifşa etdi

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 20 fevral 2023 15:21 (UTC +04:00)

“Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşdülər”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov deyib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda Prezident İlham Əliyev bir daha uzaqgörən və müdrik siyasətçi olduğunu nümayiş etdirdi: “Dövlət başçısı plenar iclasda qeyd etdi ki, Azərbaycan xalqı müharibənin nə olduğunu, xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilir və buna görə Avrasiyada sülhün bərqərar olmasını istəyir. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır. Prezident vurğuladı ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar”.

Parlamentin komitə sədri Azərbaycan Prezidentinin Azərbaycanla Ermənistan arasında sülh danışıqları və Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələrinin ayrı-ayrı istiqamətlər olduğunu bir daha bəyan etdiyini nəzərə çatdırıb: “Dövlət başçısı eyni zamanda onu da bir daha vurğuladı ki, Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox. Rəsmi Bakı Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar Beləliklə, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı vasitəsiylə də Azərbaycanın haqlı və birmənalı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı”.

Ziyafət Əsgərov qeyd edib ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən və Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirak etdiyi plenar iclasda Azərbaycan ekofəallarının Laçın-Xankəndi yolunda Şuşada keçirilən aksiyası ilə bağlı səsləndirilən ittihamların əsassız olduğunu sübut etdi: “Dövlət başçısı nəzərə çatdırıb ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq. Beləliklə, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı kimi mühüm platformada Azərbaycanın haqlı mövqeyi arqumentlərlə dünya ictimaiyyətini çatdıraraq Ermənistan və havadarlarının bu dövr ərzində apardıqları anti-Azərbaycan kampaniyasını bir daha ifşa etdi, rəsmi Bakının regionda sülh və inkişafı dəstəklədiyini ortaya qoydu”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR