Misirdə Heydər Əliyevin doğum günü ilə əlaqədar film yayımlanıb

Misirdə Heydər Əliyevin doğum günü ilə əlaqədar film yayımlanıb
# 07 may 2015 00:46 (UTC +04:00)

Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, filmdə Azərbaycan xalqının hər ilin 10 may tarixində ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd etdiyi bildirilərək, onun həyatı və siyasi fəaliyyəti barədə məlumat verilib.

H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim ölkənin tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu bildirilib və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığı qeyd olunub.

Beynəlxalq arenada H.Əliyevin şəxsinə olan etimadın yüksək səviyyədə olmasından irəli gələrək, 1994-cü ildə Azərbaycanda “Əsrin müqaviləsi”nin imzalandığı, beynəlxalq şirkətlərin ölkəyə investisiya yatırdığı, H.Əliyevin apardığı siyasi, iqtisadi və sosial islahatlar sayəsində bu gün Azərbaycanın böyük iqtisadi və sərmayə imkanlarına malik dövlətə çevrildiyi vurğulanıb və ölkənin xarici valyuta ehtiyatlarının 55 milyard dolları keçdiyi, işsizlik səviyyəsinin 5 faizə düşdüyü, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bildirilib. Bu gün Azərbaycanın digər ölkələrə investisiyalar yatırması ölkənin əldə etdiyi nailiyyətlərin göstəricisi olaraq, H.Əliyevin siyasi və iqtisadi sahələrdə apardığı islahatlarla bağlı olduğu qeyd edilib.

Filmdə 2014-cü ilin 20 sentyabr tarixində Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim barədə də məlumat verilib. “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində öz mövqelərini daha da möhkəmləndirmək və beynəlxalq aləmə inteqrasiyanı dərinləşdirmək üçün yeni imkanlar qazanması ilə bağlı məlumatlar filmdə öz əksini tapıb.

Son illər ərzində Azərbaycan iqtisadiyyatının neft və qaz sektorundan əldə etdiyi gəlirlər hesabına sürətlə inkişaf etdiyi qeyd edilərək, Ümumdünya Davos İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2014-2015-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycanın dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olduğu və 144 ölkə arasında 38-ci yerdə durduğu bildirilib. Həmçinin, Cənubi Qafqaz regionunda iqtisadiyyatın 80%-in Azərbaycanın payına düşdüyü xüsusilə vurğulanıb. Bundan başqa, Azərbaycanın 2020-ci ildə iqtisadi və siyasi cəhətdən inkişaf etmiş ölkələr sırasına daxil olmasına səy göstərdiyi qeyd edilib.

Azərbaycanın beynəlxalq təşkilatlar, xüsusilə də BMT TŞ, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı barədə ümumi məlumat verilib və 2014-cü ildə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə altı ay müddətinə sədrlik etməsi və verdiyi töhfələr barədə danışılıb.

Filmdə H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ərəb ölkələri, xüsusilə də Misir Ərəb Respublikası ilə əməkdaşlıq məsələsinə böyük önəm verdiyi qeyd edilib, həmçinin onun ərəb dövlətlərinin rəhbərləri ilə şəxsi dostluq əlaqələrini inkişaf etdirdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR