Milli Məclisdə itkin düşmüş şəxslər və onların ailələrinin hüquqları ilə bağlı qanunvericiliyə həsr olunan dəyirmi masa keçirilib

Milli Məclisdə itkin düşmüş şəxslər və onların ailələrinin hüquqları ilə bağlı qanunvericiliyə həsr olunan dəyirmi masa keçirilib
# 21 may 2009 14:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə birgə itkin düşmüş şəxslər və onların ailələrinin hüquqları ilə bağlı qanunvericiliyi müzakirə etmək məqsədi ilə dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, dəyirmi masa silahlı münaqişə və ya daxili zorakılıq nəticəsində itkin düşmüş şəxslərin problemlərini həll etmək üçün parlamentlə BQXK arasında aparılan dialoq çərçivəsində təşkil olunub. MM-in vitse-spikeri Bahar Muradova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Ton Vandenhov dəyirmi masada çıxış ediblər.
Tədbirdə itkin düşmüş şəxslərin və onların ailələrinin malik olduqları hüquqlara və itkin düşmüş şəxslərə münasibətdə dövlət səviyyəsində olan öhdəçiliklə bağlı müzakirələr aparılıb. BQXK təmsilçiləri tədbirdə itkin düşmüş şəxslər üzrə model qanunu və silahlı münaqişə və ya daxili zorakılıq nəticəsində itkin düşmüş şəxslərin vəziyyətinin hüquqi tənzimlənməsinin rəhbər prinsiplərini təqdim edib. Qeyd olunub ki, itkin düşmüş şəxsin xüsusi hüquqi statusunu tanımaqla milli qanunvericilik inamsızlıq içərisində olan və çətinliklərlə üzləşən itkin düşmüş şəxslərin və onların ailələrinin hüquqlarının təmin olunması ilə bağlı yaranan ehtiyaclara cavab verir.
T. Vandenhov çıxışında deyib ki, BQXK itkin düşmüş şəxslər və onların ailələri ilə bağlı qanunvericiliyə yenidən baxılmasının vacib olduğuna inanır: “İtkin düşmüş şəxslərin və onların ailələrinin haqlarının müdafiə edilməsi üçün milli hakimiyyət orqanları bu qanunun əhatə dairəsinin kifayət qədər geniş olmasını təmin etməlidir”.
Nümayəndəliyin rəhbəri onu da deyib ki, BQXK Azərbaycan hökumətini itkin düşmüş şəxslər üzrə milli qanun qəbul etməyə dəvət edir və bu məsələ üzrə birgə çalışmağa hazırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR