Bank Of Baku

Liviyada üsyançılar paytaxtın 50 kilometrliyinə qədər irəliləyiblər

Liviyada üsyançılar paytaxtın 50 kilometrliyinə qədər irəliləyiblər
# 24 fevral 2011 11:00 (UTC +04:00)
Bakı – APA. Liviyanın 45 minlik ordusunun 40 mini üsyançıların tərəfinə keçib və əmrləri yerinə yetirmir. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Binqazi, Əl-Bayda, Tobruk kimi şəhərlərdə əsgərlər də mitinqlərə qoşulublar və Qaddafi əleyhinə plakatlar qaldırıblar.

Üsyançılar paytaxt Tripolinin 50 kilometrliyinə qədər olan ərazidə nəzarəti ələ keçiriblər. Tripolinin 50 kilometrliyindəki Zaviya yaşayış məntəqəsində bir binaya Qəddafinin hakimiyyətə gəlməsindən əvvəl ölkədə mövcud olmuş monarxiya rejiminin bayrağı asılıb. Ələ keçirilən yaşayış məntəqələrində yerli tayfaların da iştirakı ilə müvəqqəti idarəetmə orqanları qurulub.

İnternetdə özlərinə “17 Fevral” adını verən gənc müxaliflər bütün liviyalıları, ordu və polis qüvvələrini cümə günü paytaxt Tripoliyə yürüş etməyə çağırıblar. Gənclər cümə günü Qəddafi rejiminin devriləcəyini bəyan ediblər.

M. Qəddafi isə bəzi Afrika ölkələrindən gətizdirdiyi muzdlularla müdafiəyə hazırlaşır. Üsyanın ilk günlərində muzdlulara gündə 500-200 dollar arası pul verən diktatorun indi onlara gündə 18 min dollar ödədiyi bildirilir. Çad, Nigeriya, Qvineya kimi ölkələrdən gələn muzdlu əsgərlər küçələrdə şübhəli saydıqları istənilən adamı vurmaq hüququna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR