Mavritaniya sahillərində qayığın çevrilməsi nəticəsində azı 57 miqrant ölüb.
APA xəbər verir ki, bu barədə Mavritaniyanın “AMI” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, İspaniyaya keçmək istəyən miqrantların olduğu qayıq zədələnməsi nəticəsində Nuadibu şəhərindən 25 kilometr məsafədə batıb. Xilasetmə əməliyyatı zamanı 57 miqrantın cəsədinin çıxarıldığı, 74 nəfərin xilas edildiyi bildirilir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Qambiyadan hərəkətə başlayan qayıqda 150 nəfər olub, onlardan 83 nəfər sağ qalıb.