İndiyədək SKMF xətti ilə Bakı sahibkarlarına 290 mln. manata yaxın güzəştli kredit verilib

İndiyədək SKMF xətti ilə Bakı sahibkarlarına 290 mln. manata yaxın güzəştli kredit verilib
# 26 noyabr 2015 12:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu gün SKMF Qaradağ rayonunun Lökbatan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forumda 130-a yaxın sahibkar iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1 161 investisiya layihəsinin maliyyələşdirilməsinə 288,7 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, "yaşıl market", logistik mərkəzlər, metal konstruksiya, mebel, neft-kimya sənayesi avadanlıqları istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb”.

O qeyd edib ki, son illər güzəştli kreditlər hesabına 132 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilib: “Maliyyələşdirilmiş müəssisələrdən 115-i istifadəyə verilmiş, 17-si üzrə işlər davam etdirilir. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq”.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 10,2 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, istixana təsərrüfatı, çörək, neft-kimya sənayesi avadanlıqları, qapı-pəncərə istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR