Mərkəzi Afrika Respublikasında (CAR) bəzi müxalifət partiyalarının və üsyançı qrupların onu boykot etmək çağırışları fonunda yeni konstitusiyaya dair referendumda səsvermə başlayıb.
APA xəbər verir ki, bu barədə Mərkəzi Afrikanın Ndeke Luka radiostansiyası məlumat yayıb.
Uzun müddət üsyançı qrupların əlində olan, lakin son üç il ərzində mərkəzi nəzarətə qaytarılmış şəhər və qəsəbələr də daxil olmaqla, ölkə daxilində seçki məntəqələri yenidən açılıb. Mərkəzi Afrika Respublikasının hazırkı Konstitusiyası 2015-ci ildə qəbul edilib və bu, ölkənin 1960-cı ilin yayında Fransadan müstəqillik qazanmasından bəri ardıcıl 13-cü Konstitusiyadır.
"Hakimiyyət üsyançıları məğlub etdikdən sonra yeni konstitusiya qəbul etməyin vaxtı çatıb", - deyə Mərkəzi Afrika Respublikası Prezidentinin nazir rütbəli xüsusi müşaviri Fidel Quanjika bildirib. Öz növbəsində müxalif “Mərkəzi Afrika Xalqının Azadlıq Hərəkatı” partiyasının lideri Martin Siegele yeni konstitusiya layihəsinin əleyhinə çıxış edib. “Biz konstitusiya çevrilişi ilə üzləşirik, bunun məqsədi dövlət başçısının ömürlük hakimiyyətdə olmasını təmin etməkdir”, - müxalifət liderlərindən biri deyib.