Son günlər Sudanın qərbindəki Darfur bölgəsində tayfalar arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 200-ü ötüb.
APA xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Məlumata görə, Cənubi Darfurun paytaxtı Nyala şəhərində də səhər saatlarında Sudanın ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlıları) arasında gərgin döyüşlər yenidən başlayıb. Nəticədə azı 12 mülki şəxsin həlak olduğu qeyd edilib.
Qəbilə qarşıdurması zəminində ən şiddətli toqquşmalar cümə axşamı Çadla həmsərhəd bölgələrdə, xüsusən də Cənubi Darfur əyalətində baş verib.
Ölkədə qarşıdurma başlayandan bəri Sudan ordusu ilə xüsusi təyinatlılar arasında gedən döyüşlər, həmçinin Darfurda müşayiət olunan silahlı qəbilələrarası toqquşmalar nəticəsində azı 5000 nəfər həlak olub.