Liviya Milli Birlik Hökuməti paytaxtın silahlı toqquşmalar baş verən rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq edib.
APA xəbər verir ki, bu barədə bəyanatı Baş nazirin müavini səsləndirib.
“Biz toqquşma bölgələrində fövqəladə vəziyyət elan edirik və tibb işçilərinin girişini təmin etmək üçün atəşkəsə çağırırıq”, - Baş nazirin müavini qeyd edib.
Qeyd edək ki, Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmalar nəticəsində 6 nəfər ölüb. Silahlı qarşıdurmalarda 20 nəfər yaralanıb. Dünən axşam saatlarında şəhərin cənubunda baş verən atışmalar bu gün səhər saatlarında da davam edib.
Xatırladaq ki, dünən axşam saatlarında Ayn Zara və Salah Al-Din bölgələrində silahlı toqquşmalar başlayıb. Tripolidə vəziyyətin gərginləşməsinə səbəb kimi paytaxtın Hərbi Dairəsinin qoşunlarına daxil olan və Liviya Prezident Şurası ilə əlaqəli olan 444-cü briqada komandirlərindən birinin beynəlxalq hava limanında saxlanılması göstərilib.