Malinin qiyam nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti İbrahim Bubakar Keyta paytaxt Bamakoda vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi sabiq prezidentin ailə üzvlərinə istinadən məlumat yayıb.
Bu gün səhər saat 09.00 radələrində vəfat edən 77 yaşlı İ. B. Keytanın ölümünün səbəbi açıqlanmayıb. İ. B. Keyta ölkəni 2013-2020-ci illərdə idarə edib.
Qeyd edək ki, 18 avqust 2020-ci ildə Bamako yaxınlığındakı hərbi bazada qiyam başlayıb və qiyamçılar prezidentlə birgə Baş nazir Bubu Sisseni saxlayıblar. Daha sonra İ. B. Keyta istefa verdiyini, parlament və hökuməti buraxdığını elan edib.