Bank Of Baku

BMT Somalidə Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qarşısında baş verən terroru pisləyib

BMT Somalidə Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qarşısında baş verən terroru pisləyib
# 30 iyul 2013 08:01 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. BMT Təhlükəsizlik Şurası Somalinin paytaxtı Moqadişoda Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qarşısında baş verən terror aktını pisləyib.

 

APA-nın BMT saytına istinadən verdiyi məlumata görə, Təhlükəsizlik Şurasının üzvləri terror aktı nəticəsində həlak olanların ailələrinə, Türkiyə xalqına və hökumətinə başsağlığı veriblər.

 

Təhlükəsizlik Şurasının sədrinin yaydığı açıqlamada qeyd olunub ki, terrorizm bütün təzahürlərdə təhlükəsizlik və sülh üçün çox böyük təhdiddir.

BMT TŞ üzvləri eyni zamanda hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini də vurğulayıblar.

Qeyd edək ki, iyulun 28-də Somalinin paytaxtı Moqadişoda Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qarşısında avtomobil partladılıb.

İnsident  nəticəsində 1 türk polisi həlak olub, 3-ü isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.    

 

Yaşayış kompleksinin təhlükəsizlik xidməti hücum edənlərdən ikisini zərərsizləşdirib, lakin üçüncü terrorçu  üzərində olan partladıcı qurğunu işə sala bilib.  

 

Hücum nəticəsində 2 somalili və 1 terrorçu ölüb, 9 nəfər isə yaralanıb. Məlumata görə, partlayış nəticəsində binanın darvazası dağıdılıb. Terror aktına görə məsuliyyəti “Aş-Şabab” ekstremist qruplaşması öz üzərinə götürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR