Bakı. Məlahət Nəcəfova-APA. Əlcəzairin neft-qaz kompleksində çalışan işçilərin islamçılar tərəfindən girov saxlanmasından sonra xarici ölkələrdən olan işçilər və mütəxəssislər ölkəni tərk edirlər.
APA-nın məlumatına görə, bu barədə başqa xarici şirkətlərlə bərabər öz işçilərini Əlcəzairdən evakuasiya edən BP-nin yaydığı bəyanatda deyilir.
Məlumatda bildirilir ki, bu məqsədlə artıq 4 təyyarə ölkədən çıxıb və ehtiyac olarsa, əlavə reyslər təşkil olunacaq. Ümumilikdə bir neçə yüz xarici vətəndaş artıq Əlcəzairi tərk edib.
Qeyd edək ki, yanvarın 16-da Şimali Afrikadan olan islamçılar Əlcəzairin şərqində İn-Amenas qazçıxarma məntəqəsinə hücum edərək işçiləri girov saxlayıblar. Dünən Əlcəzair hökuməti tərəfindən əsirlərin azad olunması əməliyyatı həyata keçirilib. Əməliyyat zamanı əsirlər və islamçılar tərəfdən çoxsaylı itkilərin olduğu bildirilir. Lakin ölənlərlə bağlı hələ rəsmi açıqlama verilməyib. 22-yə yaxın girov taleyi barədə isə məlumat yoxdur.