Bakı-APA. Cənubi Sudanda BMT missiyasına xidmət edən Rusiyanın Mi-8 helikopteri bu ölkənin ordusu tərəfindən vurulub. Bu barədə BMT rəsmi nümayəndəsinin müavini Eduardo del-Buey məlumat verib.
«Cənubi Sudan hərbçiləri BMT missiyasına Cəngəllik əyalətinin Likuanqole rayonunda helikopter vurduqları barədə məlumat veriblər. Helikopter həmin rayonda kəşfiyyat uçuşu edirmiş», deyə Del-Buey bildirib. Onun sözlərinə görə, hadisənin detalları məlum deyil.
Öz növbəsində Cənubi Sudan ordusunun nümayəndələri Rusiya helikopterinin üsyançılar tərəfindən vurulduğunu bildiriblər.
Rusiya müdafiə nazirliyindəki mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Onlardın 4-ü rusiyalıdır. Vurulmuş Mi-8 phelikopteri «Nijnevartovskavia» şirkətinə məxsus olub.