Bakı-APA. Əlcəzairin cənubunda yerləşən Statoil, BP və Sonatrach şirkətlərinə məxsus qaz-kompressor kompleksini zəbt edən Əlcəzair silahlıları 600-dən çox əlcəzairli girovu azad ediblər. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, silahlılar dörd əcnəbi şəxsi də azad ediblər, onların milliyyəti barədə məlumat verilmir.
Bundan öncə terrorçular 7 xarici vətəndaşı girov saxladıqları barədə bəyanat vermişdilər, lakin bu xəbər rəsmi təsdiqini hələ tapmayıb.
Böyük Britaniya XİN bir qədər əvvəl Əlcəzairin terrorçulara qarşı hərbi əməliyyat apardığını təsdiq edib. Hal-hazırda ölənlər və yaralananların sayı barədə dəqiq məlumat yoxdur.
Bundan öncə “Əl-Cəzirə” stansiyanın hərbi helikopterlər tərəfindən atəşə tutulması nəticəsində radikal islamçıların girov saxladığı 35 xarici vətəndaşın ölməsi barədə məlumat yayıb.