Bakı-APA. Əlcəzairin cənubunda yerləşən Statoil, BP və Sonatrach şirkətlərinə məxsus qaz-kompressor kompleksini zəbt edən terrorçulara qarşı aparılmış hərbi əməliyyat zamanı 7-dən çoxu əcnəbi olmaqla ən azı 30 girov həlak olub. APA-nın məlumatına görə, bu barədə “RBK” “Röyters”ə istinadən xəbər verir. Dəqiqləşdirilmiş məlumata əsasən, həlak olmuş xarici vətəndaşlardan ikisinin Yaponiya vətəndaşları, birinin Böyük Britaniyadan və bir nəfərin Fransadan olduğu müəyyən olunub. Başqa meyitlərin identifikasiyası davam edir.
Hərbçilər 11-dən çox silahlı məhv edib. Müəyyən olunub ki, bazaya hücum çəkənlərdən 3 nəfəri Misir vətəndaşı, 2 Əlcəzair, 2 Tunis, 2 Liviya vətəndaşı, Fransa və Malidən isə hər birindən bir nəfər olduğu müəyyənləşib.
Bundan başqa, azad olunmuş girovlar arasında bir nəfərin İrlandiya vətəndaşı, beş nəfərin isə ABŞ vətəndaşı (ümumilikdə 10 amerikalı girov götürülmüşdü) olduğu müəyyənləşib.
Xatırladaq ki, yanvarın 16-da terrorçular qaz kompleksini zəbt edərək, çoxlu sayda insanı girov götürüblər. Girov götürülmüş şəxslər arasında 41 xarici vətəndaş da olub. Yanvarın 17-də silahlılarla aparılmış danışıqlar nəticəsində 600-dək əlcəzairli girov azad olunub.