Bakı. Məlahət Nəcəfova - APA. Əlcəzairdəki neft kompleksinin radikal islamçılar tərəfindən zəbt olunması nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ölənlərdən 30-u Böyük Britaniya, Fransa, ,Yaponiya, Rumıniya, Norveçdən olan xarici vətəndaşlardır. Əlcəzair hökuməti bildirir ki, əməliyyat zamanı 32 terrorçu öldürülüb. Lakin bu rəqəmin artacağı ehtimal edilir. 6 terrorçu yaxalanıb. Terrorçular əsasən Tunis, Misir və Mali vətəndaşlarıdır. Həmçinin Kanada, Niger, Mavritaniya əsilli Əlcəzair vətəndaşları da qruplaşma üzvləri arasında olub.
Hadisə ilə bağlı məsuliyyəti əlcəzairli Muxtar Belmuxtar öz üzərinə götürüb. İnternetdə yayılmış videomüraciətində o bildirib ki, əgər Malidə islamçıların bombardman edilməsi dayandırılarsa, o Qərb ölkələri və Əlcəzair hökuməti ilə danışıqlar aparmağa hazırdır.